“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
30
05 2023
news image

10 iyun tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı Bulvar ərazisindəki “Saat meydanı”nda “Bir Peşənin Sirri” festivalı təşkil olunacaq.

   Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir. Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı tədbir iştirakçıları üçün WorldSkills Azerbaijan platforması çərçivəsində əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub.

   “Bir Peşənin Sirri” festivalına Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Tədbirin tərəfdaşı Dənizkənarı Bulvar İdarəsidir. Festivalın media tərəfdaşı isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.