Peşə təhsili sahəsində yeni layihəyə start verilib
17
03 2023
news image

17 mart tarixində peşə təhsili sistemində işəgötürənlərlə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi və digər dövlət qurumları, o cümlədən özəl sektor nümayəndələri iştirak ediblər. Ölkəmizdə peşə təhsili sahəsində görülən işlər, işəgötürənlərlə əməkdaşlıq istiqamətləri haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, peşə təhsili sistemində dövlət özəl əməkdaşlığının səmərli qurulması bu tədris pilləsində əldə olunacaq nailiyyətlərdə əsas rol oynayır.

Tədbirdə həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bridge group of companies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tikinti və inşaat, restoran və hotel, xidmət, əmlakların idarəedilməsi, kənd təsərrüfatı, yanacaq təchizatı və logistika istiqamətləri çərçivəsində təcrübə və bacarıqların artırılması, kadr hazırlığının təşkil edilməsi, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Memorandumda həmçinin müxtəlif istiqamətlər üzrə tədris planları və proqramların birgə hazırlanması da nəzərdə tutulur.

Sözügedən əməkdaşlıq tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların müvafiq istiqamətlər üzrə təcrübə proqramlarına cəlb edilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsində biznes tərəfdaşlarının iştirakını özündə ehtiva edir. Razılaşmaya əsasən məzunlarının məşğulluq imkanlarının dəyərləndirilməsi, elecə də razılaşdırılmış cari istiqamətlərdə, həmçinin perspektiv imkanlar üzrə işgüzar əlaqələrin yaradılması planlaşdırılır.