Peşə təmayüllü siniflərə mediatur təşkil edilib
07
04 2022
news image

Aprelin 7-də Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbə mediatur keçirilib. Mediaturun məqsədi məktəbdə tətbiq edilən "Peşə təmayüllü siniflərin təşkili" layihəsi çərçivəsində həyata keçirilən işlərlə tanış olmaqdır. Mediatur çərçivəsində media nümayəndələri peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin layihə çərçivəsində fəaliyyətlərini izləyiblər.

         Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, sözügedən məktəbdə "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 2019-2020-ci tədris ilindən etibarən fəaliyyətə başlayıb. Cari tədris ilində X sinifdə "Aqronom köməkçisi" və "İT köməkçisi ixtisasları",  XI sinifdə isə "Dərzi köməkçisi" və "Mebel quraşdırma ustası köməkçisi" ixtisasları tədris edilir. X sinifdə təhsil alan şagirdlərin sayı 10 qız, 10 oğlan olmaqla 20 nəfər, XI sinifdə təhsil alan şagirdlərin sayı isə 10 qız, 10 oğlan olmaqla 20 nəfər təşkil edir.

Məktəbdə xidmət və təmir-tikintisi emalatxanası, IT otağı və məktəbin həyətində təcrübə sahəsi mövcuddur. Təcrübə sahəsində çiyələk və kartof əkini olunub. Həmçinin STEAM modulunun tədrisi üçün məktəbə 3D Printer və CNC avadanlığı verilib. Daha sonra media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.

        Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlayıb.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması,  əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Cari tədris ilində layihə 80 məktəbdə 124 sinif, 414 müəllim, 2387 şagirdi əhatə edir.

Peşə təmayüllü siniflərdə 4 profil üzrə (İKT, kənd təsərrüfatı, xidmət, təmir-tikinti) 10 peşə ixtisası tədris edilir. Layihədə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı peşə ixtisaslarının tədrisi mövcuddur. Həmçinin cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulu və karyera məsləhəti xidməti, 32 məktəbdə isə “Sürücülük” modulu tətbiq edilir.