“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın Final mərhələsi keçirilir
14
02 2022
news image

14 fevral tarixində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın Final mərhələsi keçirilir.

Namizədlər arasında bu mərhələyə keçid hüququ qazanmış 30 iştirakçı “Capture the Flag” formatında yarışır.

Sənaye İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarış nəticələri bu gün elan ediləcək. Qalib olacaq iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq, “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesinin sonunda, iki iştirakçı komanda formatında cari ilin 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.