BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə təhsil alan tələbələrin iş əsaslı təlimi uğurla davam edir
04
02 2022
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” MMC supermarketlər şəbəkəsi ilə birgə təşkil edilən "BACARIQLI OL" Usta Yanında Öyrənmə Proqramı çərçivəsində “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə təhsil alan tələbələrin iş əsaslı təlimi davam etməkdədir.

Ötən ilin 10 noyabr tarixindən başlayan, Gəncə və Bərdə şəhərlərində yerləşən peşə təhsil müəssisələrini əhatə edən 6 aylıq diplom proqramı nəzəri və praktiki dərslərdən ibarət olmaqla aparılmaqdadır.

Tələbələr həftədə iki gün “Bazarstore” supermarketlər şəbəkəsinin Bərdə və Gəncə şəhərlərində yerləşən mağazalarında praktiki bacarıqlara, həftənin üç günü isə peşə təhsil müəssisəsində nəzəri biliklərə yiyələnirlər. Təlim müddətində bütün tələbələr fərdi qəza sığortası və uniforma ilə təmin olunublar. Təlim proqramına Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyindən ümumilikdə 24 tələbə qatılmaqdadır.

İşə əsaslanan təlim proqramının aprel ayında tamamlanması və uğurlu tələbələrə ilk peşə diplomun təqdim olunması gözlənilir, eyni zamanda təcrübə müddətini uğurla tamamlamış tələbələr “Bazarstore” MMC-nin mağazalarında işlə təmin olunma şansı əldə edəcəklər.

Proqramın məqsədi peşə təhsil müəssisələrinin tələbələri və işsiz gənclərin təlimini praktiki formada və iş şəraitinə ən yaxın şəkildə təşkil etmək, peşə təhsilinin əhatəliliyini və proqram məzunlarının işəgötürülmə imkanlarını artırmaqdan ibarətdir.