Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin I mərhələsi başa çatıb
07
09 2021
news image

        Peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi ötən gün başa çatıb.

        Müsabiqənin I mərhələsi çərçivəsində ümumilikdə 55 vakant yer üzrə 1773 müraciət qeydə alınıb.

       Elektron müraciət mərhələsinin nəticələri növbəti həftə açıqlanacaq. Onlayn qaydada təşkil olunacaq müsahibə mərhələsinə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.

        Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.