Azərbaycan təmsilçiləri WorldSkills Asia tərəfindən təşkil edilən beynəlxalq bacarıq yarışında mübarizəyə başlayır
28
07 2021
news image

       Ölkə təmsilçiləri Worldskills Asia 2021 bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə mübarizəyə başlayırlar. Sözügedən yarış gələcəkdə təşkil olunacaq digər bacarıq olimpiyadalarında iştirak üçün əhəmiyyətli təcrübə hesab edilir. Worldskills Asia 2021 həmçinin namizədlərin bu tipli yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından da mühüm rol oynayır.

     Qeyd edək ki, təmsilçimiz Kamil Səlimli WorldSkills Azerbaijan platforması tərəfindən ölkə səviyyəsində təşkil olunmuş və 100-dən artıq gəncin qeydiyyatdan keçdiyi, 2 mərhələdən ibarət olan veb proqramlaşdırma yarışının qalibi olaraq beynəlxalq arenada ölkəmizi təmsil etmək hüququ qazanıb. Hüseyn Qəmbərov isə ötən həftə baş tutan 50-dən çox müraciətin qeydə alındığı və 30 iştirakçının qatıldığı kiber təhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsilçilik üçün təşkil edilən seçim mərhələsində fərqlənərək bu hüququ əldə edib.

       Beynəlxalq yarış 5 iyul-15 avqust tarixlərində WorldSkills Asia tərəfindən 13 bacarıq istiqaməti üzrə onlayn formatda təşkil edilməkdədir. 26 müxtəlif ölkə təmsilçisinin mübarizə aparacağı bacarıq yarışlarında Azərbaycan ilk dəfədir ki, iştirakçı qismində qatılır.

     Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə  inteqrasiya etmək imkanı yaradır.