"Əlaqə Mərkəzi Təmsilçisi" istiqaməti üzrə təlimlər keçiriləcək
23
07 2021
news image

        Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən  "Əlaqə Mərkəzi Təmsilçisi" istiqaməti üzrə təlimlər keçiriləcək.  

     “ASAN xidmət”, ABB və “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq təlimlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə baş tutacaq.

      Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 15 avqust tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaqdır. Təlimlərə orta ixtisas və ya ali təhsil alan tələbələr və ya məzunlar müraciət edə bilərlər. Seçim üçün Azərbaycan dilində səlis danışıq bacarıqları, ən azı bir əlavə dil biliyi (rus və ya ingilis dili) və kompyuter və ofis proqramlarından istifadə bacarıqları əsas meyarlardır. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.                                                                                                                     

     “Əlaqə Mərkəzi Təmsilçisi” təliminə seçilmiş iştirakçılar iki ay müddətində müəssisələrə daxil olan müraciət, irad və şikayətlərin təqib və təhlili, eləcə də mümkün həll yollarının tapılması üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Təlimlər müştəri xidmətləri sahəsində təcrübəli mütəxəssis tərəfindən keçiriləcək.                                                              

      Təlimin nəzəri hissəsi hibrid formatda (həm onlayn, həm də ənənəvi) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində, praktiki hissəsi isə “ASAN xidmət”in, ABB-nin, “Azerconnect” MMC-nin, həmçinin digər əməkdaşlıq edilən müəssisələrin müvafiq şöbələrində təşkil ediləcək. “ASAN xidmət” tərəfindən təlimin icrası “ASAN Könüllülük” Məktəbi tərəfindən həyata keçiriləcək.

      Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.                                                

     Nəzərinizə çatdıraq ki, cari ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif Peşə Təhsil Mərkəzlərinin nəzdində qısamüddətli təlimlər həyata keçirilir. Təlimlər İnformasiya Texnologiyaları, müştəri xidmətləri, logistika və s. Kimi müxtəlif sahələri əhatə edir. İl ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə peşə təhsil mərkəzlərinin nəzdində daha çox təlimlərin keçirilməsi planlaşdırılır. Yeni açılan qısamüddətli təlimlər barədə məlumatlar mütəmadi olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sosial media səhifələri üzərindən bölüşülməkdədir.