“SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlim təşkil ediləcək
15
07 2021
news image

    Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlim təşkil ediləcək. Əsasən praktiki biliklərin verilməsinə yönəlmiş təlim çərçivəsində iştirakçılar 2 ay yarım ərzində SQL dilində proqramlaşdırma, məlumat bazasının düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqi, mürəkkəb məlumat modellərinin və hesabatların qurulmasını öyrənəcək, layihələrlə işləyərək müxtəlif bizneslər üçün databaza həlləri tapacaq və onları tətbiq edəcəklər.                                                                                                                   

    Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 1 avqust tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaqdır. Təlimə minimum orta ixtisas və ya ali təhsil səviyyəsini uğurla tamamlamış, kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza bilikləri olan şəxslər müraciət edə bilərlər. Müraciətlərin 1 avqust, 2021-ci il tarixinədək bu keçid üzərindən göndərilməsi mümkündür.         

    Qeyd edək ki, cari ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif peşə təhsil mərkəzlərinin nəzdində qısamüddətli təlimlər həyata keçirilməkdədir. Əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanan qısamüddətli təlimlərin əksəriyyəti İT sahəsini əhatə etsə də, digər sahələr üzrə də müxtəlif təlimlərin həyata keçirilməsi nəzərdə tutulur. Yeni açılan qısamüddətli təlimlər barədə məlumatlar mütəmadi olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sosial media səhifələri üzərindən bölüşülməkdədir.