Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən qısamüddətli təlimlər çərçivəsində «Anbar Logistikası» üzrə qısamüddətli təlimlər təşkil ediləcək
08
07 2021
news image

    Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən qısamüddətli təlimlər çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Abşeron Logistika Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində «Anbar Logistikası» üzrə qısamüddətli təlimlər təşkil ediləcək.

    23 iyul tarixinədək təlimlərdə iştirak etmək üçün ərizələrin qəbulu davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaq. Sözügedən təlimə minimum tam orta təhsil səviyyəsini uğurla tamamlamış və təməl kompüter bilikləri olan şəxslər müraciət edə bilərlər.

    Əsasən praktiki biliklərin verilməsinə yönəlmiş bu qısamüddətli təlim çərçivəsində iştirakçılar anbar logistikası, onun təşkili, anbarların növləri və standartları, anbar həcmlərinin və logistika əməliyyatlarının planlanması, anbar logistikasında xərclər və gəlirlər, həmçinin əlavə dəyər xidmətləri, sənədləşmə, anbar planı və avadanlıqları kimi  müxtəlif mövzular üzrə nəzəri və praktiki biliklər əldə edə biləcək.

    Təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Abşeron Logistika Mərkəzində təşkil ediləcəkdir.

    Yekunda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq, əlavə olaraq seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

    Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə logistika istiqaməti üzrə bir sıra qısamüddətli təlimlər təşkil edilməkdədir. Təlimlərin əsas məqsədi günü-gündən ehtiyacın artdığı logistika sahəsi üzrə qabaqcıl müəssisələrlə əməkdaşlıqda əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır.