Təhsil Nazirliyinin elektron xidmətlər portalında peşə təhsili pilləsi üzrə yeni xidmət istifadəyə verilib
29
06 2021
news image

      Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən portal.edu.az platformasına 2021-ci ilin iyun ayından etibarən peşə təhsili pilləsi üzrə təhsil alanlar üçün yeni elektron xidmət əlavə edilib. Xidmət, peşə təhsilinə fasilə verən tələbələrin bərpasını elektron qaydada həyata keçirir. Belə ki, peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslərin yenidən təhsilinə davam edə bilməsi məqsədilə “Təhsilin bərpası” elektron xidməti vətəndaşların istifadəsinə verilib.

      Xidmətdən istifadə etmək istəyən vətəndaşlar portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətinə daxil olaraq, elektron müraciətlərini göndərə bilərlər. Daxil edilən məlumatların doğruluğu elektron sistem vasitəsilə yoxlanıldığı və məlumatlar təsdiqini tapdığı təqdirdə, təhsilinə fasilə vermiş tələbə müvafiq istiqamət üzrə bərpa olunaraq təhsilini davam etdirə biləcək. Sözügedən yeni xidmət peşə təhsili üzrə vahid mərkəzləşmiş elektron idarəetmənin tərkib hissəsidir. Xidmət bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin edəcəkdir.

      Bildiririk ki, 2020-2021-ci tədris ilindən başlayaraq peşə təhsil müəssisələrinə tələbə qəbulu mərkəzləşmiş elektron sistem vasitəsilə aparılır.