WorldSkills Azerbaijan ölkə səviyyəsində veb proqramlaşdırma üzrə yarış elan edir
23
06 2021
news image

     WorldSkills Azerbaijan platforması 12-13 iyul tarixlərində Veb proqramlaşdırma üzrə ölkə səviyyəsində yarış keçirəcək. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək yarış ölkəmizdə WorldSkills formatına uyğun keçiriləcək ilk yarış olacaq. Belə ki, yarışın test tapşırığı və qiymətləndirmə meyarları WorldSkills peşə standartları əsasında  müəyyən ediləcək.

      Yarışa 21 yaşa qədər olan gənclər qeydiyyatdan keçərək qatıla bilər. “Speed test” adlanan ilkin seçim mərhələsində qeydiyyatdan keçmiş gənclər 6 iyul tarixində onlayn qaydada veb proqramlaşdırma bacarıq istiqaməti üzrə sualları cavablandıracaqlar. 12-13 iyul tarixlərində keçiriləcək yarışın “Final” mərhələsində isə ilkin seçim mərhələsində yüksək nəticə göstərmiş gənclər “front-end”, ”back-end” və ”CMS/Wordpress” kimi modullar üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər. Son qeydiyyat tarixi 5 iyuldur.

      Müsabiqənin qalibi olmuş gənclər yarışın baş sponsoru olan ATL Tech və ATL Academy şirkətlərində müvafiq olaraq təcrübə keçmək və müxtəlif proqramlar üzrə təhsil almaq, qiymətli hədiyyələr qazanmaq, eləcə də WorldSkills Asia tərəfindən təşkil edilən beynəlxalq yarışda iştirak etmək və Azərbaycanı təmsil etmək imkanı əldə edəcəklər.

    Qeyd edək ki,  WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

     Yarış və müraciət qaydaları haqqında ətraflı məlumat http://worldskillsaz.org/web/ ünvanında yer almaqdadır.