WorldSkills Azerbaijan platformasının nümayəndə heyəti dayanıqlı bacarıq yarışlarının təşkili üzrə vebinarda iştirak edib
21
05 2021
news image

     Azərbaycanda bacarıq yarışlarının təşkilinə dəstək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu (GİFTS) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Dayanıqlı Bacarıq Yarışları Sistemi üzrə Bilik Mübadiləsi” adlı növbəti vebinar baş tutub.

     WorldSkills Azerbaijan platformasının nümayəndə heyəti də daxil olmaqla səkkiz ölkənin təmsilçilərini iştirak etdiyi vebinarda bacarıq yarışlarının keçirilməsi üçün təşkilati strategiyaların formalaşdırılması, büdcə təminatı və maraqlı tərəflərin təhlili mövzuları ətrafında təcrübə mübadiləsi aparılıb. Bundan əlavə, üç saatdan çox davam edən vebinarda GIFTS təşkilatının Bacarıq Yarışları departamentinin direktor müavini Man-hee Bang “Koreyanın Bacarıq Yarışları Sistemi” adlı mövzu ilə çıxış edib və Koreyanın ən yaxşı təcrübələrini tədbir iştirakçıları ilə paylaşıb.

     Vebinarların keçirilməsində məqsəd yerli mütəxəsis potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçrilməsi, eləcə də  Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakının təşkil edilməsi ilə bağlı bilik və təcrübələrin mübadiləsi aparmaqdır.

     Qeyd edək ki,  WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. WorldSkills hərəkatına qoşulmaq Azərbaycanda bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.