Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun imtahan mərhələsinin yekunları açıqlanıb
07
05 2021
news image

           Peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə müsahibə mərhələsinə keçid nəticələri açıqlanıb.

        Test imtahanı nəticələrinə əsasən tədris istehsalat işləri və tərbiyə işləri üzrə direktor müavini vakansiyaları üzrə keçid balı 30, inzibati təsərrüfat işləri üzrə direktor müavini vakansiyaları üzrə isə 20 bal müəyyən edilib. Test imtahan mərhələsində iştirak etmiş  namizədlərdən 77 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. İmtahan mərhələsində ən yüksək nəticə olaraq 46 bal qeydə alınıb. Namizədlər öz imtahan nəticələri barədə daha ətraflı məlumatla portal.edu.az elektron sistemindəki şəxsi kabinetlərində tanış olar bilərlər.

        İmtahandan uğurla keçən şəxslərlə müsahibələr ilk olaraq Bakı və Sumqayıt şəhərləri üzrə vakant yerlərə müraciətlər olmaqla 24 may – 4 iyun tarixləri aralığında təşkil ediləcək. Müsahibələrin keçirilmə tarixləri barədə məlumat namizədlərə fərdi şəkildə SMS bildirişi vasitəsilə təqdim ediləcəkdir. Sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndiriləcəkdir.

        İmtahan nəticələrindən narazı olan şəxslərin müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsabiqənin Apelyasiya komissiyası yaradılmışdır. Nəticələrlə bağlı narazılığı olan şəxslər 18 may tarixinə kimi office@vet.edu.gov.az elektron poçt ünvanına yazılı şəkildə müraciət edə bilərlər.

        Xatırladaq ki, peşə təhsili müsəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün Respublika üzrə ümumilikdə 31 vakant yerə üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olmuş, onlardan 257 nəfəri II mərhələyə keçid imkanı əldə etmişdir.