Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “LU-MUN Holdinq” MMC arasında Anlaşma Memorandumu imzalanıb
05
05 2021
news image

      Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “LU-MUN Holdinq” MMC arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva etdirən Anlaşma Memorandumu imzalanıb.

      Balıqçılıq, gülçülük, quşçuluq və ekoloji təmiz məhsulların istehsalı  sahəsində fəaliyyət göstərən “LU-MUN Holdinq” MMC ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd aidiyyəti sahələr üzrə peşə təhsili səviyyəsi çərçivəsində tədris olunan proqramların və resursların təkmilləşdirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili, eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

      Anlaşma Memorandumu çərçivəsində razılaşdırılan əməkdaşlıq istiqamətlərindən biri də peşəyönümü işin həyata keçirilməsinə dəstək kimi peşə təhsilinin uyğun sənaye sahələri üzrə təşviq edilməsi üçün birgə işlərin görülməsidir.  “LU-MUN Holdinq” MMCnin mütəxəssisləri tərəfindən hazırda peşə təhsili üzrə aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələrə master klassların keçirilməsi və sənaye müəssisələrinə infoturların/ekskursiyaların təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə, ilk səfər olaraq ötən ay Neftçala Peşə Məktəbinin “Balıq yetişdirilməsi üzrə mütəxəssis” ixtisası üzrə təhsil alan tələbələr və mühəndis pedaqoji heyətin “Azerbaijan Fish Farm MMC”-nin Nərə balıq yetişdirmə zavoduna ekskursiyasi baş tutmuşdur.

      Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin icrası nəzərdə tutulmuşdur.