Peşə təhsili pilləsi üzrə özəl sektor ilə əməkdaşlıq çərçivəsi genişləndirilir: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və "AzerFloat" QSC şirkəti arasında anlaşma memorandumu imzalanıb
23
02 2021
news image

      Ötən həftə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "AzerFloat" QSC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

     Ölkədə işəgötürənlərin ən son tələblərinə cavab verən bacarıqlı kadrların hazırlanması, sənaye sahəsində məşğulluğun təmin olunması və eləcə də  rəqabətqabiliyyətli, idxal və ixracyönümlü yeni məhsul növlərinin istehsalının təşkili istiqamətində birgə fəaliyyət göstərəcək hər iki müəssisə ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz edilmiş kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadr və resurslara malikdir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan bu şərait müvafiq istiqamətlər üzrə mərkəzin təhsilalanlarının sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək verəcək.

     Qeyd edək ki, əməkdaşlıq çərçivəsində mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, razılaşdırılmış cari və yeni istiqamətlər üzrə təlim proqramlarının təşkili, onlara sahibkarlıq vərdişlərinin aşılanması, müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilmiş təhsilalanların işlə təmin olunması nəzərdə tutulub.