Azərbaycanın da üzv olduğu “World Skills Asia” təşkilatının İllik Ümumi Yığıncağı baş tutub
15
12 2020
news image

       

       Azərbaycanın nümayəndə heyəti 15 dekabr tarixində baş tutan “World Skills Asia” (WSA) təşkilatının İllik Ümumi Yığıncağına qatılıb. Görüş dünyada baş verən pandemiya ilə əlaqədar WSA təşkilatının İdarə heyətinin, üzv ölkələrin və tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

       Tədbir zamanı Azərbaycan da daxil olmaqla on iki ölkənin təşkilata üzvlüyü Ümumi Yığıncaqda elan edilib. Yığıncaqda çıxış edən WSA təşkilatının İcraçı direktoru Farah Əl Suvaidi yeni üzvləri təbrik edib və təmsil etdiyi platformanın region ölkələrində peşəkar kadrların yetişməsinə, peşə təhsili sistemi və standartlarının təkmilləşməsinə müsbət təsir edəcəyinə inandığını vurğulayıb. Görüşə qatılanları məlumatlandırmaq məqsədilə eyni zamanda Pərviz Yusifov tərəfindən Azərbaycanda peşə təhsilinin təşkili və onun cari vəziyyəti barədə qısa təqdimat edilib. Görüş zamanı müzakirə edilən əsas mövzular sırasında həmçinin növbəti il ərzində həyata keçiriləcək fəaliyyət istiqamətləri yer alıb.

       Qeyd edək ki, WSA regional səviyyədə “World Skills” hərəkatının dəyərlərini təbliğ edən və iki ildən bir peşə yarışları keçirən bir təşkilatdır. Sözügedən yarışın cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkili nəzərdə tutulsa da, COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınmışdır. 

       World Skills Asia təşkilatının regional səviyyədə dəstək olduğu “World Skills” hərəkatı dövlət, təhsil və özəl sektoru bir çətir altında toplamağa və peşə ixtisasları vasitəsilə rifahın yüksəldilməsinə imkan verən, dünya üzrə peşə təhsili kvalifikasiyasının, peşəkarlıq standartının artırılmasına xidmət edən  unikal platformadır.