Peşə təhsili pilləsi üzrə 200-dən artıq video dərs hazırlanaraq geniş istifadəyə təqdim edilib
23
12 2020
news image

       “Koronavirus” (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq tədris prosesinin effektivliyinin artırılması məqsədilə peşə təhsili pilləsi üzrə televiziyada və həmçinin müxtəlif platformalarda yayımlanan 200-dən artıq video dərs hazırlanıb. Video dərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Bugünədək peşə təhsili pilləsi üzrə tədrisi aparılan əsas baza modulları üzrə 58, praktiki ixtisas dərsləri üzrə 124, nəzəri ixtisas dərsləri üzrə 35 video dərs çəkilib.

     Hazırlanan video dərslər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi Youtube ( http://bit.ly/2KlDxih  ) səhifəsindən və eləcə də Təhsil Nazirliyinin https://video.edu.az platforması üzərindən izləmək mümkündür.                                                                 

  Qeyd edək ki, bir sıra dərslərin çəkilişində Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsinə istiqamətlənən, BMT-nin İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilmiş layihələrin də qatqısı olmuşdur.