PEŞƏ TƏHSİLİ HAQQINDA QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNUB
16
11 2017
news image

Azərbaycanın təhsil sistemində peşə təhsilinin yeri müəyyənləşib. Bundan əlavə, peşə təhsili alanlara müəyyən güzəştlər nəzərdə tutulub. Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin iclasında məlumat verildi. “Peşə təhsili haqqında” qanun layihəsində  peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyası əsas götürülüb. Qanun layihəsi Azərbaycanda ilk dəfədir, hazırlanır.
Peşə təhsili haqqında qanun layihəsində bir çox yeniliklər var. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir. Bundan əlavə, ali məktəbə daxil olmaq istəyənlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Bu məktəbləri bitirənlərə həm də sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyaz təqdim olunur. Təhsil Nazirliyi ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini, 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir: ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili. 
Qanun layihəsində peşə təhsili müəssisələrinə birdəfəlik, müddətsiz lisenziya verilməsi nəzərdə tutulub. Bununla yanaşı, layihədə Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəa da var. Qanun layihəsi 5 fəsil, 26 maddə, 312 bənddən ibarətdir. Sənəd hazırlanarkən Çin, Almaniya, Türkiyə, Finlandiya, Almaniya kimi ölkələrin qanunvericiliyi tədqiq olunub. Qanun layihəsi pleanr iclasa tövsiyə olunub.