Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Cisco” Şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
27
01 2020
news image

          Ötən həftə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Cisco” Şirkəti arasında əməkdaşlıq memorandumu bağlanması məqsədilə Mərkəzdə tədbir keçirilib. Təşkil olunmuş tədbirdə “Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov, Biznesin inkişafı üzrə menecer Fərid Zeynalov, “Cisco Şəbəkə Akademiyası”nın baş təlimçisi Emin Seyidov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, Mərkəzin rəhbər və pedoqoji heyəti həmçinin, Mərkəzin təhsilalanları iştirak edib.

          Tədbirin açılışında Mərkəzin rəhbəri Rəşad Xanlarov mərkəz və mərkəz daxilində fəaliyyət göstərəcək akademiyanın imkanları haqqında təqdimat edib, daha sonra “Cisco Şəbəkə Akademiyası”nın baş təlimçisi Emin Seyidov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov öz çıxışlarında akademiyanın imkanları və tələbələr üçün yaradılan şəraitin əhəmiyyəti barədə məlumat veriblər.

          Tədbirin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Cisco” Şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

          “Cisco Şəbəkə Akademiyası” informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda, bu sahəyə marağı olan tələbələrə xidmət edəcəkdir. "Cisco Şəbəkə Akademiyası"nda dərslər "Cisco" Şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və "bulud" texnologiyaları nəzəriyyələrini öyrənir, təqdim olunan materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və virtual sistemlərdən istifadə edərək, biliklərini artırır və rəsmi onlayn resurslara çıxış imkanı qazanırlar.

          Akademiyada təklif olunan aşağıdakı təlim kursları iştirakçılara şəbəkə inzibatçılığı sahəsində başlanğıc və yüksək səviyyəli biliklərin öyrədilməsi ilə yanaşı, onlara yeni karyera qurmaq və mövcud karyeralarında yüksəlmək üçün aşağıda qeyd olunan istiqamətlərdə geniş imkanlar yaradılacaqdır:

  • Get connected
  • Introduction to Cyber Security
  • Introduction to IoT
  • IT Essentials
  • Cyber Security Essentials

          Keçiriləcək təlimlər sayəsində tələbələr həmçinin, "Cisco sertifikatlı şəbəkə mütəxəssisi" (CCNA) və ya "Cisco sertifikatlı şəbəkə peşəkarı" (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar.

          Növbəti tədris ilindən etibarən Mərkəzdə 8 ixtisasla yanaşı “Cyber Security” (Kiber Təhlükəsizlik) ixtisasının da tədrisi planlaşdırılır.

          Mərkəzin nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyası”  tələbələrin və əməkdaşların informasiya-kommunikasiya texnologiyalarından (İKT) yüksək səviyyədə istifadə üçün hər cür şərait, maddi-texniki baza və kadr potensialı ilə təchiz olunub.