Dual bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib
15
03 2019
news image

            Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin 3-cü iclası keçirilib.

            İclasda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri tərəfindən layihənin gedişatı barədə ümumi məlumat verilib,  görülən işlərə dair hesabatlar təqdim olunub, qarşıdakı müddətə planlaşdırılan fəaliyyətlər diqqətə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində pilot peşə təhsili müəssisələri  üçün strateji inkişaf planları hazırlanır. Eyni zamanda, pilot rayonlarda iqtisadiyyatın müvafiq sektorları üzrə fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin məlumat bazası yaradılıb. Peşə təhsili müəssisələri ilə biznes subyektləri arasında anlaşma memorandumları imzalanıb, mühəndis-pedoqoji heyət üçün təlimlər keçirilib.

            Tədbirdə həmçinin, layihə çərçivəsində özəl sektorun iştirakı ilə hazırlanmış “Duala-bənzər Peşə Təhsili və Təlimi Konsepti” və onun tərkib hissəsi olan müəssisədaxili təlim təqvimi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, təqvimlər üzrə artıq müəssisədaxili istehsalat təlimlərinə start verilib.

            Daha sonra layihə çərçivəsində növbəti dövr üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi aparılıb, rəy və təkliflər səsləndirilib.

            Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində GİZ tərəfindən icra olunur.