“ASAN peşə” layihəsi məqsədinə nail olub
07
08 2017
news image

“ASAN peşə” layihəsi məqsədinə nail olub

Amil Əlili: “İqtisadiyyatın yeni inkişaf mərhələsinə qədəm qoyması peşə təhsilinə marağı artırır”

 

Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi daha bir layihə - “ASAN peşə” layihəsi bu il də uğurla davam edir. Ötən il ilk dəfə keçirilməsinə baxmayaraq, böyük uğurlarla yadda qalan layihə barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili danışıb. 

- Avqustun 1-dən “ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayıb. Ötən bir həftəlik müşahidələriniz nə göstərir?

- Ötən ildən başlayan layihə ilk dəfə Azərbaycan Respublikası ərazisində məhdud dairədə həyata keçirildi. İlk peşə-ixtisas təhsili müəssisələrinə “ASAN xidmət” mərkəzlərində qəbul aparıldı. Əsas məqsəd dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etmək idi. Bu cür sənəd qəbulu əhalinin rahatlığı ilə yanaşı, şəffaflığın təmin olunmasına, obyektiv qəbul prosesinin təşkilinə xidmət edəcəkdi. Biz bu məqsədimizə nail olduq. Daxil olan müraciətlər göstərir ki, bu il maraq daha yüksək səviyyədədir. Belə ki, avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Artıq 2000-dən çox qeydiyyatdan keçən var. Bu qədər yüksək fəallıq müşahidə olunmasında ötən ilin təcrübəsinin rolunu dana bilmərik. Yəni, ötən il iştirak edənlərin təcrübəsi var və bu barədə çoxları məlumatlıdırlar. Artıq qəbulun nə vaxt başlayacağını gözləyirdilər. 

- Ötən il ilk dəfə həyata keçirilməsinə baxmayaraq, layihə uğurlarla yadda qalıb. 

- İlk növbədə qeyd etdiyimiz kimi, peşə təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflıq və vətəndaşların sənəd qəbulu prosesində rahat müraciət etmə imkanlılığı təmin edildi. Ötən il yalnız Bakı və Gəncə şəhərləri üzrə 6 min nəfər “ASAN Peşə” layihəsi üzrə sənəd qəbulunda iştirak etdi. Eyni zamanda, qəbul prosesinin nəticələrinin təhlili zamanı məlum oldu ki, “ASAN Peşə” layihəsi çərçivəsində qeydiyyatdan keçərək, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul edilmiş şagirdlərin 25 faizinin orta attestat balı 4 və ondan yuxarı olub. Bu isə peşə təhsili müəssisələrində mövcud şagird kontingentinin keyfiyyət göstəricilərində olan musbət dəyişikliyin təzahürüdür.

- Bəs, ötənilki uğurlarda qəbul prosesinin təşkili formasının rolu nə qədərdir? 

- Qəbul qaydalarının dəyişməsinin rolu danılmazdır. Əlavə sənədlər tələb olunmadığından vətəndaşların rahatlığı təmin edildi. Şəxsiyyət vəsiqəsi və ümumi və ya tam orta təhsil haqqında şəhadətnamə/attestatını götürüb hansısa təhsil müəssisəsinə deyil, bir ünvana -”ASAN xidmət” mərkəzinə müraciət edir və geniş ixtisas seçimi etmək şansı qazanır. Bununla da sadəcə, istədiyi ixtisası seçməklə bu sahədə yetişməsinə zəmin hazırlayır. Odur ki, sənəd qəbulundakı rahatlıq, əlavə subyektiv amillərin olmaması bu sahədə böyük dönüşə səbəb oldu. 

- Bu ildən rahatlıq bir az da artıb. Layihə artıq daha geniş coğrafiyanı əhatə edir.

- Bu il bütün “ASAN xidmət” mərkəzlərində - Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə, Sabirabad, Masallıdakı mərkəzlərin hər birində peşə seçmək istəyənlər üçün şərait yaradılıb. Həmin mərkəzlərə başqa rayonlarda yaşayanlar da müraciət edə bilər. Bunun üçün məktəbə getmələrinə ehtiyac yoxdur. İxtisaslar barədə nazirliyin saytında da geniş məlumat verilir. Yaxud rayonda bir “ASAN xidmət” mərkəzinə gəlməklə vətəndaş Bakıda birdən-birə 11 təhsil müəssisəsinin ixtisasları haqqında məlumatlar ala bilir və 10 ixtisas üzrə seçim aparır. 

- Yerləşdirilməyənlər ola bilərmi və onlar nə edəcək?

- İxtisas seçimində şagirdin seçdiyi ixtisas üçün önəmli sayılan fənlər üzrə göstəricilərinə diqqət yetiriləcək. Hazırda ixtisas seçimi aparılır. Şagirdlərin düşdüyü ixtisas bəlli olduqdan sonra sənədlərini həmin təhsil müəssisələrinə təqdim edəcəklər. Bunun üçün 1 həftə vaxt veriləcək. 20 yer ayrılan ixtisas üzrə 30 nəfər sənəd veribsə, təbii ki, yerləşdirilməyənlərin olacağı da labüddür. Tutaq ki, 20 yüksək göstəricili olanlar seçiləcək, qalanları seçdikləri növbəti ixtisaslara düşəcək. Bu prosesdə kənarda qalanlar yalnız məhdud çərçivədə seçim edənlər ola bilər. Məsələn, “yalnız Nərimanov rayonu ərazisində oxuya bilərəm”, - deyirsə, buradakı təhsil müəssisələrindən də 1 və ya 2 ixtisas seçibsə, şagird bu prosesdə yerləşdirilməyə bilər. Yerləşdirilməyənlər və boş qalan yerlər üçün növbəti mərhələ avqustun 28-dən sentyabrın 7-dək davam edəcək. 

- Bu il tətbiq edilən başqa yeniliklər də var?

- Ötən ilin təcrübəsinə əsaslanıb bəzi yeniliklər etmişik. Məsələn, ötən il yerləşdirildikləri ixtisasları qəbul etməyənlər olurdu. Bu da ondan irəli gəlirdi ki, ixtisas seçilir və bu prosesi “ASAN xidmət” mərkəzinin operatoru həyata keçirirdi. Bu il “ASAN” könüllüləri və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri bu prosesə cəlb olunub. Onlar ixtisas seçimində şagirdlərə kömək edirlər. Bu il hər kəsə seçib təsdiq etdikləri ixtisasların siyahısı verilir. Bundan başqa, ixtisas seçərkən onlara məktəblər, korpusları, hansı korpusda hansı ixtisasların tədris olunduğuna dair bütün məlumatlar verilir. Təhsil proqramının müddəti, ödənişlidirsə, ödənişin miqdarı bildirilir. Valideyn və ya şagird bu məlumatları əldə etdikdən sonra ixtisas seçimini özü təsdiq edir. Odur ki, bu il “Niyə bura düşmüşəm?”,- deyənlər olmayacaq. 

- Ödənişin məbləğində də dəyişikliklər var, yoxsa ötənilki rəqəmlər qüvvədədir?

- Rəqəmlər dəyişib. Ödəniş haqqı bu il aşağı salınıb. Ötən il ixtisasdan asılı olaraq minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir.

- Qəbul prosesində neçə peşə təhsil müəssisəsi iştirak edir?

- 14-ü peşə təhsil mərkəzləri, 1-i tədris mərkəzi olmaqla bütün peşə liseyləri və peşə məktəbləri iştirak edir.

- Siyahıda hələ fəaliyyət göstərməyən Qəbələ peşə təhsil mərkəzi də var?

- Bəli, qəbul prosesinə Qəbələdə peşə məktəbi və turizm otelçilik üzrə tədris mərkəzinin bazasında yaradılan, müasir standartlara uyğun Qəbələ Peşə Təhsil Mərkəzinin ixisasları da salınıb. Mərkəzin növbəti tədris ilindən fəaliyyətə başlayacağı nəzərdə tutulub. Qəbul olunanlar yeni təhsil ilindən orada təhsil ala biləcəklər. 

- Siyahıda İT STEP Akademiyasının neçə ixtisası var? 

- İT STEP Akademiyası dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən çox uğurlu layihələrdəndir. Bu il ilk dəfə olaraq müəyyən göstəriciləri yüksək olan uşaqların İT STEP-də təhsil almaq imkanı olacaq. Qəbula bir ixtisas daxil edilib. Veb-dizayner ixtisası üzrə həm ödənişli əsaslarla, həm də dövlət hesabına təhsil nəzərdə tutulub. Həmin ixtisasa qəbulda yalnız tam orta təhsilli vətəndaşlar iştirak edə bilir və attestat göstəriciləri yüksək olan şagirdlərə üstünlük verilir. Bildiyiniz kimi, veb-dizayner üçün yaradıcılıq, istedad, baxış məsələləri çox önəmli olduğundan təsadüfi seçilənlərin olması arzuolunan deyil. Özündə bu keyfiyyətləri görən hər kəs sənəd qəbulunda iştirak edə bilər.

- İxtisas seçimindən sonrakı proses necə olacaq?

- Prosesin sonunda bütün müraciətlər elektron sistem vasitəsi ilə dəyərləndiriləcək və yerləşdirilmə aparılacaq. Bilirsiniz ki, hazırda attestat balı əsasında “ASAN xidmət” mərkəzlərində ixtisas seçimi aparılır. Hər namizədə 10 ixtisas seçməyə imkan verilib. İxtisaslar üzrə attestat göstəricisi uyğun olanlar həmin yerləri tutacaq. Onları sistem özü yerləşdirəcək. Tutaq ki, aşpaz ixtisası üzrə Bakıda bir necə təhsil müəssisəsində peşə hazırlığı həyata keçirilir. Həmin ixtisasın olduğu təhsil müəssisələrinin hamısını seçmək olar. Orta ixtisas balına görə yerləşdirilmə aparılacaq və avqustun 23-də nəticələr elan olunaraq saytda yerləşdiriləcək. Şagirdlər yerləşdirildikləri ixtisaslar üzrə təhsil müəssisələrinə sənədlərini təqdim edəcək və müsahibə komissiyasına ehtiyac duyulmadan dərs ili başlayanda orada təhsil alacaqlar. 

- Sənəd qəbulu yerlərinin fərqləndirilməsi nə ilə əlaqədardır? Dövlət hesabına təhsil alanlara yalnız “ASAN xidmət” mərkəzlərində, ödənişli əsaslarla təhsil almaq istəyənlərə isə həm də təhsil müəssisələrinin özündə ixtisas seçməyə imkan verilib...

- Bakı və Gəncə üzrə büdcə və ya ödənişli əsaslarla təhsil almaq istəyənlər ancaq “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Rayonlarda olan “ASAN xidmət” mərkəzlərində hamı ixtisas seçə bilər. Ödənişlilər isə “ASAN xidmət”lə yanaşı, təhsil müəssisəsinə də müraciət edə bilərlər. Belə olan halda işəgötürənlə əməkdaşlıq çərçivəsində müəssisənin sifariş etdiyi ixtisas üzrə şagirdin sənədləri məktəbin özünə təqdim edilə bilər. Bu istisna edilərkən işəgötürənlərlə əməkdaşlıq məsələləri nəzərə alınıb. Peşə təhsil müəssisələrində yerlər, adətən, sifarişlər əsasında müəyyən olunduğundan müəssisələrin istəyi də əsas götürülür. Məsələn, rayondakı hansısa müəssisə ona lazım olan aqrar sahə üzrə mütəxəssis üçün orada fəaliyyət göstərən peşə təhsil müəssisəsinə müraciət edir. Kadr hazırlığına müəssisə özü investisiya ayırır. Belə olan halda müəssisənin səlahiyyətlərini də əlindən almaq istəmirik. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində onların göndərdiyi kadrların məktəbin özündə sənəd qəbulu həyata keçirilir. “ASAN xidmət” olmayan yerlərdə də məktəbin özünə müraciət mümkündür. Elektron qeydiyyat sistemi məktəblərdə də var. 

- Peşə təhsilində 3 illik təhsil proqramı seçənlər üçün nəzərdə tutulan kriteriya nə ilə əlaqədardır?

- Tutaq ki, ali təhsilli biri müəyyən vaxtdan sonra ixtisasına əmək bazarında tələbat olmadığının fərqinə varıb fərqli bir ixtisasa yiyələnmək istəyə bilər. Təbii ki, bu zaman əmək bazarının tələbini nəzərə alacaq və qısa zaman kəsiyində, məsələn, 6 ay, 1, ya da 2 il ərzində tam yeni ixtisasa yiyələnəcək. Bu, peşə təhsilinin əsas üstünlüyüdür. Daha bir üstünlüyü isə attestat almağa imkan verən proqramın da olmasıdır. İlk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazasından sənəd verənlərə attestat verərək tam orta təhsil əldə etməsinə imkan verən proqram var. Həmin proqram gənclərə peşə ilə yanaşı, tam orta təhsili bitirmələrinə dair sənəd, attestat da əldə etmək imkanı verir. Odur ki, sadəcə, orta təhsil haqqında attestat əldə etmək üçün müraciət edənlərə də rast gəlinir. Məhz bunu nəzərə alıb qərara gəldik ki, 3 illik təhsil proqramları üzrə peşə ixtisas təhsilini maksimum 2 il ərzində ümumi orta təhsil bazasını bitirənlərə şamil edək.

- 3 illik təhsil proqramının digərlərindən fərqi var?

- Attestat alması üçün burada həm ümumtəhsil proqramları həyata keçirilir, həm də peşə təhsili öyrədilir. Ona görə də sadəcə ixtisas əldə etmək istəyənlər üçün 1 və 2 illik qruplar var.

- Sizcə, bu il uğurların davamı olacaqmı?

- Əvvəla onu deyim ki, dünya praktikasında insanların 40-50 faizə qədəri peşə təhsilinə istiqamətlənir. İnkişaf etmiş ölkələrdə şagirdlərin 70 faizi peşə təhsilini seçir və xüsusilə texnikiyönümlü ixtisaslar üzrə ixtisaslaşır. Bizdə isə bu, çox aşağı, cəmi 11 faiz təşkil edir. Peşə təhsilinə əhalinin maraq səviyyəsini nəzərə aldıqda, ötən ilin nəticələri də, builki müşahidələr də çox böyük ümid yaradır. Bilirsiniz ki, son illərdə həyata keçirilən islahatlar, iqtisadiyyatın yeni inkişaf mərhələsinə qədəm qoyması, əmək bazarının mövcud vəziyyəti, Azərbaycan və dünya iqtisadiyyatının qarşılıqlı inteqrasiyası insanların dünyagörüşündə dönüşə səbəb oldu. Keçən bir il ərzində peşə təhsili ilə bağlı ölkə rəhbərliyi, o cümlədən Təhsil Nazirliyi xəttilə kifayət qəfər uğurlu islahatlar həyata keçirildi. Həmin islahatlar da ümumi prosesə təkan verdi və əhalinin peşə təhsilinə marağını artırdı. Bu maraq ötən il özünü qəbul prosesində göstərdi. İndi isə maraq daha yüksək səviyyədə müşahidə olunmaqdadır. Çünki ötən bir il ərzində peşə təhsili müəssisələrinin əhəmiyyətini artıran ciddi proseslər gedib. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edildi. Eyni zamanda, ilk peşə-ixtisas təhsili müəssisələrində rasionallaşma tədbirlərinə start verildi. Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarı ilə Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə ixtisası müəssisəsi birləşdirilərək onların bazasında dövrün tələblərinə cavab verən 13 ixtisaslaşmış peşə təhsil mərkəzləri yaradıldı. Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli Qərarı ilə Qəbələ Peşə Məktəbi Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi ilə birləşdirildi, onların bazasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradıldı.

Aparılan islahatlar, dövlətin diqqəti, bu sahədə fəaliyyət göstərən müəssisələrdə maddi-texniki bazanın gücləndirilməsi insanların peşə təhsilinə olan marağına müsbət mənada təsir etdi. Eyni zamanda, peşə təhsili üzrə mütəxəssislərin peşəkar olaraq cəmiyyətdə mühüm mövqe tutması da təsir edən əsas amillərdəndir.

 

"Azərbaycan müəllimi"