“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayıb
28
07 2017
news image

Avqustun 1-dən 22-dək 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu aparılacaq.

Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-22 avqust tarixlərində "ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində sənəd qəbulu komissiyalarında aparılacaq.

Belə ki, Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul yalnız müvafiq "ASAN xidmət" mərkəzləri tərəfindən aparılacaq. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə  büdcə hesabına qəbul "ASAN xidmət” mərkəzləri, ödənişli əsaslarla qəbul isə müvafiq ilk peşə-ixtisas təhsil müəssisələri tərəfindən aparılacaq.

 “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil  müəssisələrinə müraciət edə bilərlər.

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi  və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.

Sənəd qəbulu komissiyalarında müraciət edənlərin sərbəst seçimi əsasında ilk peşə-ixtisas təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir.

İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə  iştirak edə bilər.

Ötən ildən başlayaraq “ASAN peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində pilot olaraq həyata keçirilən seçimlərdə 4 mindən çox şəxs ilk peşə ixtisas müəssisələrinə qəbul olub. Qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

2017/2018-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ilə "Qəbul.pdf" keçidinə daxil olaraq tanış olmaq olar.