İxtisaslı mütəxəssislər Koreyada təlim keçəcəklər
23
11 2018
news image

           Noyabrın 23-də  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzində tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislərlə görüş keçirilib.

          Görüşdə iştirak edən təhsil nazirinin müavini İdris İsayev son illər peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə iştirakçılara məlumat verib. Nazir müavini bildirib ki, Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yeni Peşə Təhsil Mərkəzinin yaradılması layihəsi peşə təhsilinin inkişafında mühüm rol oynayacaq. Qeyd olunub ki, hazırda tikintisi davam etdirilən mərkəzin 2019-2020-ci tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulur. Ən müasir maddi-texniki baza ilə təchiz olunacaq mərkəzdə layihəyə uyğun olaraq, 8 istiqamət (İKT, avtomobil, mexanika,  sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat) üzrə kadrlar hazırlanacaq.

           Nazir müavini layihə çərçivəsində müsahibə yolu ilə seçilmiş 24 mütəxəssisin üç ay ərzində Koreyada təlim keçəcəyini bildirərək onların gələcəkdə ölkəmizdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəklərinə əminliyini ifadə edib.

           Daha sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Rəşad Xanlarov Peşə Təhsil Mərkəzinin yaradılması layihəsi barədə təqdimatla çıxış edib.

           Qeyd edək ki, Koreyada təlim keçəcək mütəxəssislər peşə təhsili sahəsində Koreya təcrübəsini, eləcə də mərkəzdə tədris olunacaq 8 istiqamət üzrə beynəlxalq standartlara uyğun tətbiq olunacaq yeni təhsil proqramını öyrənəcəklər.