“Kənd təsərrüfatında logistika” ixtisası üzrə yeni kurikulumun hazırlanmasına dair işçi qrupun ilk görüşü keçirilib
16
10 2018
news image

              Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramı” çərçivəsində “Kənd Təsərrüfatında Logistika” ixtisası üzrə mütəxəssislərin hazırlanması məqsədi ilə yeni kurikulumun hazırlanmasına dair işçi qrupun ilk görüşü keçirilib.

             Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Gilan Holdinq”,  Alman-Azərbaycan Ticarət Palatası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim-Tədris Mərkəzi və “Şəmkir Aqropark” MMC-nin nümayəndələri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) yerli və beynəlxalq ekspertləri iştirak edib.

              Görüşdə kənd təsərrüfatı sahəsində logistika və saxlama kameraları üzrə mütəxəssislərin yetişdirilməsi üçün yeni kurikulumun hazırlanması, hazırlanacaq ixtisaslı kadrların özəl sektorun gözləntilərinə və beynəlxalq standartlara cavab vermələrinin təmin edilməsi üçün əsas tələblər, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında perpektiv əməkdaşlıq imkanları  müzakirə olunub.

              Eyni zamanda, işçi qrupun mütəmadi olaraq görüşlərinin təşkili, işəgötürənlərin mütəxəssislər üçün kurikulumların hazırlanmasına cəlb olunması, beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq təlimlərin keçirilməsi və digər məsələlərə dair razılıq əldə edilib.

              Qeyd edək ki, “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramı” GİZ tərəfindən icra olunur.