Müəllimlərin yerdəyişməsinə başlanılıb
26
05 2017
news image

Təhsil Nazirliyində nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsinin başlanılması ilə bağlı brifinq keçirilib.

Brifinqdə bildirilib ki, yerdəyişmə prosesi proqram təminatı tətbiq olunmaqla cari ilin 26 may-15 iyun tarixlərində həyata keçiriləcək. İlkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi 26-30 may,  növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi 8-12 iyun tarixlərində aparılacaq. Müəllimlərin yerdəyişməsi zamanı müsabiqə və ya müsahibə keçirilməyəcək.

İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Müəllimlər şəxsi məlumatlar ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər. Bundan sonra Təhsil Nazirliyi tərəfindən həmin müəllimin iş yerinin dəyişdirilməsinə münasibət bildiriləcək.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.