5 noyabr 2026-cı il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Usta yanında şagirdlik” layihəsi çərçivəsində dual peşə təhsili proqramlarında iştirak edən mentorlar üçün təlim təşkil olunub.
Təlimin məqsədi mentorların tələbələrlə iş, effektiv ünsiyyət və qiymətləndirmə üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığı gücləndirmək olub.
Təlimdə Bakı, Gəncə, Göygöl, Biləsuvar və Zaqatalada yerləşən peşə təhsili müəssisələrinin istehsalat təlimi ustaları, ixtisas fənn müəllimləri və işəgötürən müəssisələrin mentorları iştirak ediblər.
Proqram çərçivəsində dual peşə təhsilinin təşkili, mentorların vəzifə və məsuliyyətləri, Almaniya və Türkiyənin təcrübəsi, tələbələrin müəssisələrdə təliminin təşkili və qiymətləndirilməsi mexanizmləri müzakirə olunub. Həmçinin effektiv ünsiyyət, motivasiyanın artırılması və konstruktiv geribildirim üsulları, o cümlədən “Sendviç texnikası” və Stephen R. Covey-in “Effektiv insanların 7 vərdişi” yanaşmasının mentorluqda tətbiqi diqqətə çatdırılıb.
Praktiki hissədə iştirakçılar qruplar şəklində mentorluq prosesində yarana biləcək situasiyaları təhlil edib, fəaliyyətlərin prioritetləşdirilməsi və işəgötürənlərlə əməkdaşlığın təşkili üzrə tapşırıqları yerinə yetiriblər. İşəgötürən nümayəndələri isə tələbələrlə iş təcrübələrini bölüşüblər.
Təlimin sonunda iştirakçıların rəy və təklifləri dinlənilib, dual təhsil proqramlarının sənədləşdirilməsi və idarə olunması üzrə əlavə təlimlərin keçirilməsi təklif edilib.
Qeyd edək ki, təlim mentorların peşəkar inkişafına və dual peşə təhsili modelində təlim prosesinin keyfiyyətinin artırılmasına xidmət edir.