Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün beynəlxalq “Bootcamp” təlimi keçirilib
23
11 2026
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin təhsilverənləri üçün pedaqoji bacarıqların inkişafına yönəlmiş beynəlxalq “Bootcamp” təlim proqramı həyata keçirilib.

16–20 noyabr 2026-cı il tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində iki beynəlxalq ekspertin iştirakı ilə keçirilən təlimə ölkənin müxtəlif peşə təhsili müəssisələrindən 50 nəfər təhsilverən cəlb olunub

Proqram çərçivəsində iştirakçılar mövzu əsaslı tədrisdən səriştə və performans əsaslı planlaşdırmaya keçid, real iş yeri tapşırıqları əsasında təlim nəticələrinin müəyyənləşdirilməsi, dörd mərhələli iş yerində təlim metodu və fəal təlim prinsiplərinin tətbiqi üzrə praktiki bilik və bacarıqlar əldə ediblər. Həmçinin altı mərhələli dərs arxitekturası, problem və layihə əsaslı öyrənmə modelləri, rəqəmsal tədris metodları və süni intellekt dəstəkli resurslardan təhlükəsiz və məsuliyyətli istifadə imkanları nəzərdən keçirilib.

Kiçik qruplarda çalışan təhsilverənlər öz peşə istiqamətlərinə uyğun tədris ssenariləri və vahid tədris paketləri hazırlayıb, addım kartları, ssenari kartları, formativ qiymətləndirmə sualları və müşahidə vərəqləri kimi praktik resurslar tərtib ediblər. Hazırlanmış materiallar keyfiyyət meyarları əsasında sınaqdan keçirilib.

Təlimin praktiki mərhələsində iştirakçılar iki mərhələli mikrotədris sessiyalarında hazırladıqları dərs nümunələrini təqdim edib, həmkarlarının rəyləri əsasında tədris yanaşmalarını təkmilləşdiriblər. Eyni zamanda, əldə etdikləri bilik və bacarıqların öz müəssisələrində tətbiqi üçün fərdi fəaliyyət planları hazırlayıblar. Proqram çərçivəsində beynəlxalq ekspertlər və iştirakçılar üçün mərkəzin emalatxanalarına təcrübə gəzintisi də təşkil olunub.

Beynəlxalq “Bootcamp” təliminin əsas məqsədi peşə təhsilində müasir pedaqoji metodların və innovativ tədris alətlərinin tətbiqini genişləndirmək, təhsilverənlərin peşəkar inkişafını dəstəkləmək və əmək bazarının tələblərinə uyğun praktik səriştələrə malik kadr hazırlığına töhfə verməkdir. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.