1 aprel 2026-cı il tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndə heyətinin Türkiyə Respublikasının Bursa şəhərinə işgüzar səfəri baş tutub. Səfər çərçivəsində peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş bir sıra mühüm görüşlər və tədbirlər həyata keçirilib.
Səfərin ilk günü qardaş təhsil müəssisəsi olan Bursa Otomotiv Endüstrisi İhracatçıları Birliği Mesleki ve Teknik Anadolu Lisesi ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə görüş keçirilib. Görüş zamanı tərəfdaş qurumun idarəetmə modeli və təhsil infrastrukturu ilə yaxından tanışlıq baş tutub, təhsilin təşkili və maddi-texniki bazanın funksionallığı yerində öyrənilib. Eyni zamanda, təhsilalanlar üçün nəzərdə tutulan dörd həftəlik təcrübə proqramının icra mexanizmləri razılaşdırılıb və əməkdaşlığın praktiki istiqamətləri müəyyən edilib.
02 aprel 2026-cı il tarixində nümayəndə heyəti Bursa vilayətinin rəsmi dövlət qurumları tərəfindən qəbul edilib. Görüşlərdə Nilüfer rayon kaymakamı Murat Süzen, Bursa vilayət milli təhsil müdiri Gürhan Çokgezer və Osmangazi rayon milli təhsil müdiri Metin Sezer iştirak ediblər. Rəsmi görüşlər zamanı təhsil sahəsində birgə layihələrin perspektivləri müzakirə olunub, təhsil-sənaye tərəfdaşlığının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb və qabaqcıl dövlət idarəçiliyi təcrübəsinin öyrənilməsi məsələlərinə toxunulub.
Səfərin üçüncü günü - 03 aprel 2026-cı il tarixində isə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Şehit Ömer Halisdemir Mesleki ve Teknik Anadolu Lisesi arasında “Qardaşlıq Protokolu” imzalanıb. Bu sənəd iki təhsil müəssisəsi arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyaraq pedaqoji təcrübə və müasir tədris metodlarının mübadiləsini, müəllim və tələbə heyəti üçün qarşılıqlı inkişaf imkanlarının yaradılmasını nəzərdə tutur.
İmzalanan əməkdaşlıq sənədi peşə təhsili sistemində müasir yanaşmaların tətbiqinə, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə və Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.