Tyanşan Forumu: Mərkəzi Asiyada əlaqəlilik və investisiyaların inkişafı
03
12 2025
news image

2–3 dekabr 2025-ci il tarixlərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Respublikasının Urumçi şəhərində “Mərkəzi Asiyada İqtisadi Əməkdaşlıq üzrə Tyanşan Forumu: Mərkəzi Asiyada əlaqəlilik və investisiyaların inkişafı” adlı tədbir keçirilib. Forum CAREC regionunda iqtisadi inkişafın, dayanıqlı tərəfdaşlıqların, təcrübə mübadiləsinin və yüksək səviyyəli siyasət dialoqunun təşviqinə xidmət edən aparıcı regional platforma kimi çıxış edir.

   Forumun əsas bölmələrindən biri olan “Mərkəzi Asiyaya investisiyalar” alt-forumu çərçivəsində “Regional əlaqəlilik üçün insan kapitalının inkişafı” mövzusunda panel sessiyası keçirilib. Paneldə Azərbaycanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və Kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadə Əsgərova təmsil edib, ölkəmizdə peşə təhsili sahəsində həyata keçirilən sistemli islahatlar, tətbiq olunan qabaqcıl təcrübələr və əmək bazarının tələblərinə uyğun müasir peşə təhsili modelinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

   Qeyd edək ki, 2025-ci il aprelin 7-də Bakıda CAREC çərçivəsində keçirilmiş “Yaşıl Bacarıqların İnkişafının Gücləndirilməsi” adlı regional konfrans zamanı CAREC üzv ölkələri arasında yaşıl bacarıqların inkişafına dair əməkdaşlığın gücləndirilməsi məqsədilə Memorandum imzalanmışdır.

   CAREC-in Dayanıqlı İnkişaf üzrə İşçi Qrupunun illik sədrliyi əlifba sırasına uyğun olaraq dəyişir və 2025-ci il üçün bu vəzifə Azərbaycana həvalə edilmişdir.