Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib
30
07 2025
news image

30 iyul 2025-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə yeni emalatxanaların və mükəmməllik mərkəzinin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, BP şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi, “WorldSkills Azərbaycan” İctimai Birliyinin icrası ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində bərpa olunan enerji texnologiyaları üzrə təlim imkanlarını genişləndirmək, tələbələrin müasir praktik bacarıqlara yiyələnməsini təmin etmək və ölkədə yaşıl enerji sektorunun inkişafına töhfə verməkdir.

Açılış mərasimində Elm və təhsil naziri Emin Əmrullayev, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında vurğulayıb ki, peşə təhsili iqtisadiyyatın dinamik inkişafına cavab verən bacarıqlı gənclərin formalaşmasında mühüm rol oynayır. Müasir əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının aşılanması bu gün təhsilin prioritet istiqamətlərindən biridir.

Yeni yaradılmış emalatxanalar günəş və külək enerjisi sistemləri, hibrid enerji qurğuları, simulyasiya proqramları, SCADA hava stansiyası, günəş enerjisi simulyatoru, elektrikli avtomobil şarj cihazları və digər müasir avadanlıqlarla təchiz olunub, tələbə və təhsilverənlərə real ssenarilər əsasında praktiki öyrənmə imkanları yaradır.

Layihə çərçivəsində həmçinin “İqlim dəyişiklikləri və ətraf mühit” adlı yeni tədris modulu hazırlanmışdır.

 Qeyd edək ki, layihə BP və onun tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies-in dəstəyi ilə həyata keçirilib.