“WorldSkills Azerbaijan” Elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib
14
07 2025
news image

 

10  iyul 2025-ci ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən Elektronika üzrə milli yarış uğurla başa çatıb.

Yarış 16–21 yaş aralığında olan gənclər arasında keçirilib. Müsabiqə gərgin və peşəkar atmosferdə, beynəlxalq standartlara əsaslanaraq təşkil olunub.

İştirakçılar elektron dövrələrin layihələndirilməsi, quraşdırılmış sistemlərin proqramlaşdırılması, ölçmə əməliyyatlarının icrası, həmçinin lehimləmə və montaj sahələri üzrə bacarıq və biliklərini nümayiş etdiriblər. Ümumilikdə 20 iştirakçı yarışda öz gücünü sınayıb. 

Yarış nəticələrinə əsasən Mustafayev Orxan I yerə, Mürşüdlü Fərid II yerə, Axundov Rüstəm III yerə layiq görülüb. Qalib iştirakçı peşəkar bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Çində keçiriləcək xüsusi təlim proqramında iştirak edəcək. Qalib şəxsin adı 2026-cı ildə Çində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil ediləcək.

 Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.