“WorldSkills Azerbaijan” Avtomobil diaqnostikası üzrə milli yarışın qalibləri müəyyənləşib
11
07 2025
news image

8 iyul 2025-ci ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən Avtomobil diaqnostikası üzrə milli yarış uğurla başa çatıb.

Yarış 16–21 yaş aralığında olan gənclər arasında keçirilib. Müsabiqə gərgin və peşəkar atmosferdə, beynəlxalq standartlara əsaslanaraq təşkil olunub.

İştirakçılar maşında diaqnostika cihazı ilə problemlərin müəyyən edilməsi, elektrik sistemində nasazlıqların aşkarlanması, nasaz avtomobilin diaqnostikası və həll yollarının tapılması, həmçinin mühərrikin sökülməsi və ölçmə prosesi üzrə bacarıq və biliklərini nümayiş etdiriblər. Ümumilikdə 20 iştirakçı yarışda öz gücünü sınayıb. 

Yarış nəticələrinə əsasən Vəliyev Çərkəz I yerə, Orucov Polad II yerə, Məmmədli Şamil III yerə layiq görülüb. Qalib iştirakçı peşəkar bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Çində keçiriləcək xüsusi təlim proqramında iştirak edəcək. Qalib şəxsin adı 2026-cı ildə Çində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil ediləcək.

 Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.