7 iyul 2025-ci il tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən CNC Torna üzrə milli yarış uğurla başa çatıb.
Yarışda bu sahədə bacarıqlı gənclər öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb. Ümumilikdə 10 iştirakçı yarışda öz gücünü sınayıb. Qeyd edək ki, müsabiqə peşəkar mühitdə və beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub.
İştirakçılar çertyojların oxunması, ölçü alətlərindən istifadə, CNC torna dəzgahının idarə olunması və bu dəzgaha proqramların verilməsi sahəsində bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarış nəticələrinə əsasən Alcanov Rəfi I yerə, Abbasova Aysu II yerə, Paşayev Fərhad III yerə layiq görülüb.
Qalib iştirakçı 2026-cı ildə Çində keçiriləcək “WorldSkills Shanghai” yarışında Azərbaycanı təmsil etmək üçün potensial namizədlər siyahısına daxil ediləcək və bu məqsədlə xüsusi hazırlıq mərhələsinə cəlb olunacaq.
Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı iştirakçıların peşə bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan yarış formatıdır və bununla yanaşı, qlobal standartların və əmək bazarının tələblərinin təhsil sisteminə inteqrasiyasını təşviq edir.