
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “WorldSkills Azerbaijan” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində Veb texnologiyaları üzrə milli yarışa qeydiyyat elan olunub. Yarış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.
Yarışda iştirak etmək istəyən şəxslər 20 may 2025-ci il tarixinədək keçidə daxil olaraq müraciət edə bilərlər. Müraciət hüququna 16–21 yaş aralığında olan şəxslər malikdir.
Bu yarış, peşə bacarıqlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə Azərbaycanı təmsil etmək istəyən istedadlı gənclər üçün əhəmiyyətli bir platformadır. Qalib şəxsin adı 2026-cı ildə Çində keçiriləcək və 85-dən çox ölkənin qatılacağı “WorldSkills Shanghai” yarışında iştirak üçün potensial namizədlər siyahısına daxil ediləcək.
Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiadaların təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.