
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” müsabiqəsi çərçivəsində “Ölkədə peşə təhsilinə marağın artırılması” layihəsini həyata keçirir. Layihə çərşivəsində 3-4 may tarixlərində aparıcı peşə məktəblərində təhsil alan tələbələr üçün kommunikasiya üzrə təlimlər təşkil olunub. Təlimlərə Bakı şəhərində yerləşən 3 peşə təhsili müəssisəsindən ümumilikdə 18 tələbə cəlb olunub.
İki gün davam edən təlimdə peşələrin tanıdılması prosesində kommunikasiyanın rolu, müasir dövrdə effektiv PR alətləri, kommunikasiya kanalları, şəxsi brendinq və influenser marketinqi mövzuları ətrafında praktiki biliklər təqdim olunub.
Təlimlərin məqsədi peşə təhsili tələbələrinin öz sahələrini ictimaiyyətə tanıtmaq bacarığını artırmaq, şəxsi brendlərini formalaşdırmaq və daha geniş auditoriyaya çatdırmaq üçün müasir kommunikasiya metodlarından düzgün istifadəni təşviq etməkdir.
Təlimlərin davamı olaraq iştirakçılara onlayn tapşırıqlar təqdim ediləcək. Bu tapşırıqlar vasitəsilə tələbələr öyrəndikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq edəcəklər. Layihə çərçivəsində, həmçinin bir neçə tanınmış influenserlərlə görüşlər, müxtəlif özəl və dövlət qurumlarına tanışlıq səfərləri də planlaşdırılıb.