Yanvarın 24-də Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə “Peşə Təhsilverəni: yeni çağırışlar və perspektivlər” adlı konfrans keçirilib.
Konfrans peşə təhsilində yeni yanaşmaların müzakirəsi və təhsilverənlərin peşəkar inkişafına dəstək məqsədilə təşkil olunub.
Tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun açılış nitqi ilə başlayıb. Agentlik direktoru qeyd edib ki, hazırkı dövrdə peşə təhsili yalnız ənənəvi biliklərin deyil, həm də müasir texnologiyaların, yenilikçi bacarıqların və əmək bazarının konkret tələblərinə uyğun mütəxəssislərin hazırlanmasını tələb edir. Biz bu sahədə müasir tədris modelləri və beynəlxalq təcrübələrdən istifadə edirik. Eyni zamanda peşə təhsili sektoru qarşısında duran əsas çağırışlardan biri sürətlə inkişaf edən texnologiyalar və rəqəmsallaşmadır. Biz bu çağırışları fürsətə çevirmək üçün işəgötürənlər, beynəlxalq təşkilatlar və yerli icmalarla əməkdaşlığı gücləndiririk.
Konfransda üç fərqli istiqamət üzrə panel müzakirələri təşkil edilib. Birinci panel müasir dövrün çağırışlarına cavab olaraq, təhsilverənlərin peşəkar bacarıqlarının inkişafına həsr edilib. İkinci panel rəqəmsal transformasiyanın təhsildə tətbiqi, üçüncü panel isə inklüziv təhsil mühitində təhsilverənlərin rolunu, qarşılaşdığı çətinlikləri və inklüzivlik sahəsində uğurlu təcrübələri əhatə edib. Paneldə beynəlxalq təcrübələrdən nümunələr təqdim edilib.
200 nəfərin iştirak etdiyi konfransda peşə təhsilində yeni perspektivlərin gənclərə təkcə nəzəri biliklər deyil, həm də əmək bazarında tələb olunan praktiki bacarıqları qazanmaq üçün unikal imkanların təqdim edilməsi ön plana çıxarılıb.