“Junior Skills Azərbaycan – Gənc Bacarıqlar” layihəsi çərçivəsində məktəblilər arasında yarış təşkil olunub
13
12 2024
news image

13 dekabr 2024-cü il tarixində “Junior Skills Azərbaycan – Gənc Bacarıqlar” layihəsinin yekun tədbiri çərçivəsində məktəblilər arasında peşə bacarıqlarını sınamaq məqsədilə yarış təşkil olunub. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qənnadçı peşəsi üzrə təşkil olunan yarışda Bakı şəhərinin 3 müxtəlif orta məktəbindən seçilmiş 12 şagird iştirak edib.

Yarışın açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, “WorldSkills Azerbaijan” İctimai Birliyinin nümayəndələri çıxış edərək iştirakçıları salamlayıb, onlara yarışda uğurlar arzulayıblar. Çıxışlarda son illərdə ölkəmizdə peşə təhsili sahəsində yaradılmış müasir şərait, dövlət dəstəyi və bu sahədəki inkişaf barədə ətraflı məlumat verilib, gənclərin bacarıqlarını göstərmələri üçün geniş imkanların yaradıldığı vurğulanıb.

Yarışın əsas mərhələsi başlayıb və gənc qənnadçı namizədlər öz bacarıqlarını nümayiş etdiriblər. Şagirdlər dörd komandaya bölünərək, qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsil alan tələbələr tərəfindən təlimatlandırılıb. Yarışın tapşırığı hər bir komanda tərəfindən eyni qənnadı məhsulunun hazırlanması və təqdimatından ibarət olub. Hazırlanan şirniyyatlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Nail Salmanov adına 97 nömrəli tam orta məktəbin şagirdləri yarışın qalibi seçiliblər. Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.