Peşə təhsili müəssisələrinə yeni təyin olunan keyfiyyət təminatı mütəxəssisləri üçün təlim təşkil edilib
13
12 2024
news image

     12 dekabr 2024-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin benefisiarı olduğu “Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi“ layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə yeni təyin olunan keyfiyyət təminatı üzrə mütəxəssislər üçün təlim təşkil edilib. Təlimdə Bakı və regionlarda yerləşən 15 peşə təhsili müəssisəsinin əməkdaşları iştirak edib.

     Təlimin əsas məqsədi keyfiyyət təminatı üzrə mütəxəssislərə onların peşə təhsili müəssisələrindəki rolu, peşə təhsili müəssisələri üçün keyfiyyət təminatı və keyfiyyətin təkmilləşdirilməsi istiqamətində atılan addımlar haqqında ətraflı məlumat verməkdən ibarət olub. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov keyfiyyət təminatı üzrə mütəxəssislərin qarşısında duran əsas vəzifə və öhdəliklərdən danışıb və mövzu ilə bağlı sualları cavablandırıb. Təlim özünütəhlil prosesinin planlaşdırılması, həyata keçirilməsi və yekun hesabatın hazırlanması mövzuları çərçivəsində müzakirələrlə davam edib. Sonda iştirakçılar arasında keyfiyyət təminatının gücləndirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.