Ötən həftə Çinin Qansu vilayətinin UNESCO Assosiasiyasının sədri Du Yongcunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi məqsədilə səfər edib. Səfər çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə Qansu peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair görüş keçirilib.
Görüşdə Pei Li emalatxanalarının Azərbaycanda peşə təhsili müəssisələrinin nəzdində qurulmasına dair müzakirələr aparılıb. Qeyd edək ki, Pei Li emalatxanaları Çin hökumətinin “Kəmər və yol” layihəsi çərçivəsində 2016-cı ildən müxtəlif ölkələrin kadr hazırlığına göstərdiyi dəstək təşəbbüsüdür.
Əməkdaşlıq təklifləri arasında elektrik avtomobillərinin təmiri, “big data” və süni intellektin tətbiqi və idarə edilməsi, bərpa olunan enerji qurğularının quraşdırılması və təmir edilməsi və müxtəlif sənaye sahələri üçün ixtisaslı kadrların hazırlığı müzakirə edilib. Müzakirələr zamanı qeyd edilib ki, əməkdaşlıq çərçivəsində təkcə emalatxana üçün avadanlığın təchizatı deyil, həmçinin bu istiqamətlər üzrə təlim-tədris proqramlarının hazırlanması, pedaqoji-mühəndis heyətinin ixtisas artırılması, avadanlığın tədris prosesinə birbaşa bağlı olmasını təmin edən proqram təminatının hazırlanması da həyata keçiriləcəkdir.
Cənab Du PTDA nümayəndə heyətini peşə təhsili sahəsində Çin təcrübəsini daha yaxından öyrənmək, yerində təklif edilən emalatxanalarla və tədris prosesi ilə tanış olmaq məqsədilə Qansu vilayətinə səfər etməyə dəvət edib.
Görüşün sonunda nümayəndə heyəti üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanalarına infotur təşkil edilib.