8 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na əhəmiyyətli dəyişikliklər edilib. Qərar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifi əsasında qəbul olunub və müxtəlif peşə istiqamətləri üzrə yeni ixtisasların əlavə edilməsi ilə bağlıdır.
Bu dəyişikliklər peşə təhsili sahəsində müasir texnologiyaların tətbiqi və əmək bazarının tələblərinə uyğun olaraq yeni peşə ixtisaslarının yaradılmasına şərait yaradacaq. Yeni təsnifatlar arasında robototexnika, veb proqram tərtibatçısı, qaz təsərrüfatı qurğularının istismarı və dronların texniki xidməti və təmiri üzrə texnik kimi ixtisaslar yer alır.
Azərbaycan Respublikası Baş naziri Əli Əsədov tərəfindən təsdiqlənən bu dəyişikliklər əmək bazarında daha peşəkar mütəxəssislərin hazırlanmasına və işçilərin ixtisaslarının artırılmasına yönəlib.
Qeyd edək ki, cari tədris ilində Bakıda və regionlarda yerləşən 12 peşə təhsili müəssisəsində 9 yeni ixtisas üzrə 400-dək tələbə tədrisə başlayıb.