Bakıda keçirilən "Bir Peşənin Sirri" festivalı böyük marağa səbəb olub
15
08 2024
news image

14 avqust tarixində Bakıda, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən Heydər Əliyev adına parkda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Bir Peşənin Sirri" adlı festival keçirilib. Artıq beşinci dəfə baş tutan festivalda həm paytaxtda yerləşən, həm də regionlardan olan peşə təhsil müəssisələri təmsil olunub.

Festivalın açılışında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxış edərək peşə təhsilinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb və bu sahənin inkişafı üçün atılan addımlar haqqında danışıb. Agentlik rəhbəri qeyd edib ki, peşə təhsili gələcəyin peşəkar kadrlarının hazırlanmasında mühüm rol oynayır və bu sahəyə göstərilən diqqət ölkənin iqtisadi inkişafı üçün vacib amildir. Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Həsənova da çıxışında iştirakçıları salamladı və belə tədbirlərin gənclərin peşə seçiminə müsbət təsir göstərdiyini qeyd edib.

Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər təqdim edilib. Tələbələr tərəfindən hazırlanan əl işləri onların peşələrinə olan marağını və ustalıq səviyyələrini nümayiş etdirib. İştirakçılar arasında keçirilən müxtəlif yarışlar, məsələn, meyvə salatının hazırlaması, konturların səliqəli rənglənməsi və s. həm əyləncəli, həm də maarifləndirici xarakter daşıyır. Bu yarışlar ziyarətçilərə peşə təhsilinin praktik tərəflərini daha yaxından tanıma imkanı verdi və iştirakçılara hədiyyələr təqdim olunub.

Festival boyunca ziyarətçilər yalnız peşə təhsili ilə bağlı məlumatlar əldə etməklə kifayətlənməyib, həm də fərqli sahələrdə ustad dərslərində iştirak ediblər. Saç düzümü, makiyaj, rəngli saplarla əl işləri, kokteyl hazırlanması kimi master-klasslar ziyarətçilərin böyük marağına səbəb olub. Bu dərslər peşə təhsilinin nə qədər geniş istiqamətlər üzrə təkliflər təqdim etdiyini bir daha nümayiş etdirib.

"Bir Peşənin Sirri" festivalı, gənclər arasında peşə təhsilinə marağın artmasında və onların gələcək peşə seçimində mühüm rol oynamaqla yanaşı, cəmiyyətin bu sahəyə olan diqqətini dəstəkləyir. Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən, bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.