Peşə təhsili müəssisələrinə 2024/2025-ci tədris ili üzrə tələbə qəbulu prosesinin başlaması ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib. İlk olaraq media nümayəndələrinə peşə təhsilindəki islahatlar, ümumi vəziyyət və cari ildə görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini həm tədrisin keyfiyyətində, həm də maddi-texniki bazanın müasirləşməsində göstərir.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov cari tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və şərtləri, mövcud ixtisaslar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri qeyd edib ki, 2024/2025-cü tədris ili üzrə tələbə qəbulunun 84 peşə təhsil müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılacaq, ayrılan plan yerlərində ötən ilki rəqəmlərlə müqayisədə 22 faiz artım var. Həmçinin media nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulu elektron şəkildə həyata keçirilir.
Qeyd edək ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 000-i ötür. Həmçinin cari ildə qəbul planına 9 yeni ixtisa əlavə edilib və 9 peşə təhsili müəssisəsi ilk dəfə iki növbəli tədrisə keçir.
Peşə təhsili almaq istəyən şəxslər 29 iyul - 12 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.