2023-2024-cü tədris ili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələri tərəfindən şagirdlərin, valideynlərin və bütün maraqlı tərəflərin peşə təhsili pilləsi və onun yaratdığı imkanlar haqqında məlumatlandırılması məqsədilə infotur və “açıq qapı” tədbirləri keçirilib. Cari tədris ili ərzində təşkil olunmuş tədbirlərdə ümumilikdə 39,544 şagirdə peşə təhsil pilləsi haqqında məlumat verilib.
Baş tutan 644 infotur vasitəsilə minlərlə şagird və valideynə peşə təhsili müəssisələrinin tədris proqramları, imkanları və gələcək perspektivləri barədə ətraflı məlumat verilib. Maarifləndirmə tədbirləri çərçivəsində həmçinin 52 “açıq qapı” tədbiri təşkil olunub. Bu tədbirlərdə iştirak edənlər, peşə təhsili müəssisələrinin infrastrukturu, laboratoriyaları və tədris materialları ilə tanış olublar. Hər bir tədbir peşə təhsilinin praktiki və nəzəri tərəflərini əks etdirən müxtəlif ustad dərsləri və sərgilərlə müşayiət olunub.
Qeyd edək ki, sözügedən tədbirlər peşə təhsil müəssisələri və potensial tələbələr arasında əlaqələri gücləndirmək, peşə təhsili haqqında ictimai məlumatlılığı artırmaq məqsədi daşıyır.