Vətəndaşların ilk və texniki peşə təhsil səviyyəsi üzrə təhsilini təsdiq edən diplom haqqında məlumatlar “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
Belə ki, portalda peşə təhsil müəssisələrinin məzunlarının 2019-cu ildən bu günədək olan diplomları əks olunub. Həmçinin, yüksək texniki peşə təhsil səviyyəsinin məzunlarının diplom məlumatları və peşə təhsil müəssisələri tərəfindən təşkil olunan qısamüddətli kursları bitirimiş və dövlət nümunəli sertifikat əldə etmiş şəxslərin sertifikat məlumatları da qısa müddət ərzində “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunacaqdır.
Qeyd edək ki, “myGov” vətəndaşlara bütün şəxsi məlumatlarını bir arada təqdim edərək rəqəmsal portfel rolunu oynayır. Hər bir vətəndaş “myGov”da cəmi bir dəfə qeydiyyatdan keçməklə, öz şəxsi kabinetini yarada bilir. Şəxsi kabinetdə ailə tərkibi, iş yeri, diplomlar, cərimələr, yaşayış yeri, etibarnamələr, tələbə-məzun məlumatları, hərbi məlumatlar, daşınmaz əmlak məlumatları və digər şəxsi məlumatlar yer alır.