Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 24 May 2024-cü il tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur baş tutub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, Lənkəran və Cəlilabadda yerləşən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri, və sahə ekspertləri iştirak ediblər. Qonaqlara ilk öncə mərkəzdə yaradılmış şərait haqqında məlumat verilib. Bildirilib ki, ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir. Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır. İnfoturda həmçinin “Kənd təsərrüfatında innovativ metodların tətbiqi”, “Qənaətli Suvarma Sistemləri” mövzusunda təqdimatlar baş tutub.
Qeyd edək ki, iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinin yekunu olaraq 27 may tarixində milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçiriləcək.