Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycanın Avtomobil Dilerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 May 2024-cü il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi baş tutub. Sərginin keçirilməsində məqsəd ekoloji cəhətdən təmiz elektrik və hibrid nəqliyyat vasitələrini təşviq etmək, sektor üzrə aparıcı maraqlı tərəfləri birləşdirmək, ekoloji nəqliyyata keçiddə peşə təhsilinin rolunu vurğulamaq və sərgi iştirakçıları, investorlar və geniş auditoriyaya şəbəkələşmə imkanı yaratmaqdan ibarətdir.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri, Bakıda yerləşən peşə təhsil müəssisələrinin rəhbərləri və işçiləri, elektrik və hibrid avtomobilləri, elektrik velosipedləri, elektrik skuterləri istehsal edən və satışını həyata keçirən şirkətlərin rəhbərləri və nümayəndələri və bərpaolunan enerji üzrə ekspertlər iştirak ediblər.
Bildiririk ki, həftə çərçivəsində növbəti tədbir 24 may tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Kənd təsərrüfatında yaşıl innovasiyalar mövzusunda infotur keçiriləcək. Həftənin yekunu olaraq 27 may tarixində milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaq məqsədilə Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçiriləcək.