AQTİ peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verib
08
05 2024
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün növbəti təlimlərə başlanıb. Təlimlərdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edir.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində AQTİ mütəxəssisləri tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən təlimlər aşpaz, qənnadıçı-şirniyyatçı və laborant-mikrobioloq ixtisasları üzrə təhsil alan tələbələr üçün təşkil olunur.

Təlimlərdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər, o cümlədən HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) haqqında ətraflı məlumat verilir. Tələbələr müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, qablaşdırma, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılır. Təlimlər zamanı laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələrə həm də əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və laboratoriyalarda iş qaydaları barədə məlumat verilir. Həmçinin onlar laboratoriyalarda çalışan personalın cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olurlar.

İnteraktiv formada təşkil edilən təlimlərin sonunda müzakirələr aparılır və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilir.

Qeyd edək ki, ötən ilin dekabr ayında da AQTİ mütəxəssisləri tərəfindən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər keçirilib.