Bərdə Peşə Liseyində 1200-dən çox şagirdin iştirakı ilə “Açıq qapı” tədbiri keçirilib
01
05 2024
news image

30 aprel tarixində Bərdə Peşə Liseyində “Açıq qapı” tədbiri keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, şagirdlər, valideynlər, həmçinin dövlət və özəl işəgötürən müəssisələrin nümayəndələri iştirak ediblər. Ümumtəhsil müəssisələrində təhsil alan 1200-dən çox 9 və 11-ci sinif şagirdi “Açıq qapı” tədbirinə cəlb edilib.

Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Liseydə təhsil alan tələbələrin əl işləri sərgilənib, eyni zamanda həmin ixtisaslar üzrə mütəxəssis məlumatları təqdim edilib.

“Açıq qapı” günündə iştirakçılara peşə təhsilində inklüziv tədris və xidmətlər, 2024/2025-ci tədris ili üzrə qəbul aparılacaq ixtisaslar barədə, eyni zamanda peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, lisey 8 istiqamət üzrə 40-dan çox ixtisas üzrə təhsil imkanı yaradır. Daha sonra Bərdə Peşə Liseyindən məzun olan şəxslər və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “Açıq qapı” günlərinin əsas məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırılması, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatının aparılmasıdır.