Peşə təhsil müəssisələri Aqrar Biznes Festivalında təmsil olunublar
01
03 2024
news image

29 fevral tarixində Bərdə Peşə Liseyi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Yevlax rayonunda təşkil olunan Aqrar Biznes Festivalında təmsil olunublar. Tədbir zamanı iştirakçılara sözügedən peşə təhsil müəssisələrində yaradılmış şərait, tələbə və müəllimlərin əl işlərindən ibarət nümunələr, həmçinin müxtəlif sahələri əhatə edən innovativ həllər təqdim edilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, həmçinin aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra  yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil edilən festival Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.